Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt öz avtomobilində güllə yarası almış vəziyyətdə, ölü tapılıb. Bunu müstəntiqlər təsdiqləyiblər. Starovoyt bir neçə saat öncə prezident Vladimir Putinin sərəncamıyla vəzifədən kənarlaşdırılmışdı. Bu, Ukraynanın dron hücumlarının Rusiyada hava nəqliyyatının işini pozması fonunda baş verib.
Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko iyulun 7-də deyib ki, Starovoytun meyiti Moskva vilayətinin Odintsovo rayonunda öz şəxsi maşınında aşkarlanıb. O, əsas ehtimalın intihar olduğunu vurğulayıb.
Putin Starovoytun müavini, Novqorod vilayətinin keçmiş qubernatoru Andrey Nikitini müvəqqəti nəqliyyat naziri təyin edib.
Rusiya rəsmiləri Starovoytun vəzifədən çıxarılmasını aviasiya böhranıyla əlaqələndirməsələr də, təhlilçilər zamanlamanın potensial günah keçisi ilə bağlı bəzi suallar yaratdığını deyirlər.
Rusiyanın Nəqliyyat Nazirliyi iyulun 6-da ölkə boyunca 400-dək uçuşun təxirə salındığını bildirib. Moskvadakı Şeremetyevo aeroportunda 171 reys, Sankt-Peterburqdakı Pulkovoda isə 90 reys təxirə salınıb, iki saatı aşan yubanmalar olub.
Rusiyanın Müdafiə Nazirliyi ötən gecə Ukraynanın 91 dronunun vurulduğunu bildirib.
İyulun 7-də Rusiya qüvvələri Ukraynaya zərbələr endirib. Ukrayna Rusiyanın 101 dronundan 75-nin vurulduğunu açıqlayıb.
+++
"Shot" Telegram kanalının xəbərinə görə, Roman Starovoytun meyitinin yaxınlığında silah tapılıb. "Mash" isə yazır ki, Starovoyt 2023-cü ildə Daxili İşlər Nazirliyinin rəhbərliyindən aldığı mükafat silahı ilə özünü vurub.
Onun meyiti Myakinino kəndindəki evində tapılıb. "İlkin məlumatlara görə, Starovoytun intiharı mümkün cinayət işi ilə bağlı ola bilər. Mənbələr bildirir ki, Kursk vilayətinin keçmiş rəhbəri Aleksey Smirnov (əvvəllər onun müavini işləyib) Roman Starovoytun əleyhinə ifadə verib", - "Baza" Teleqram kanalı yazıb.
"Kommersant" qəzeti də öz mənbəsinə istinadən yazıb ki, Ukrayna ilə sərhəddə qoruyucu tikililərin inşası üçün ayrılmış azı 1 milyard rublun oğurlanması işi üzrə təqsirləndirilən şəxslər Starovoyta qarşı ifadə veriblər və onların arasında Kursk vilayətinin keçmiş qubernatoru Smirnovun da olduğu iddia edilir.
Dövlət Dumasının Müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov RTVI-yə keçmiş nazirin ölümü ilə bağlı məlumatı təsdiqləyib. O, bunun "çox uzun müddət əvvəl" baş verdiyini deyib.
Rusiya prezidenti Vladimir Putin iyulun 7-də səhər R.Starovoytu nəqliyyat naziri vəzifəsindən azad edib. Starovoyt 2024-cü ilin mayından bu postda çalışırdı. Daha əvvəl isə o, Kursk vilayətinin qubernatoru olub. Onun vəzifədən azad olunmasının səbəbi açıqlanmayıb.