Rusiyanın Azərbaycanda mədəniyyət tədbirləri ləğv edilib
Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər ləğv edilir.
Bu barədə iyunun 29-da Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.
"Telefonları əllərindən alınıb"
"525-ci qəzet"in qardaşlarını itirən baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynli deyir ki, əməliyyat zamanı başqa yaxın qohumları da saxlanıb, hələ də onlardan bəzilərinin aqibətlərindən xəbərsizdir, cənazələrin təhvil alınması üçün isə danışıqlar gedir: "Evə basqınlar, şəhərin ən müxtəlif nöqtələrindəki məskənlərə basqınlar olanda bütün qadınların, uşaqların telefonları əllərindən alınıb ki, təcrid olunsunlar, əlaqə saxlaya bilməsinlər. Yəni, onları da girova, əsirə çeviriblər. Gecə saat 5-də olub bu basqın... Kənarda qalanlar, telefonu olanlar məlumat verdi. Təəssüf ki, sonradan çox acınacaqlı məlumatlar gəldi. Əvvəlcə, həbs xəbəri, bu cür saxlanma, bu basqın, müsibət xəbəri gəldi, ardınca da itkilərimizlə bağlı məlumat aldıq".
S.Hüseynli deyir ki, hələlik, Rusiya tərəfdən adekvat davranış görmür, ölən yaxınının ürəktutmasından həyatını itirməsi məlumatını isə qəbul etmir. O qeyd edir ki, sözügedən hadisədən dərhal sonra Azərbaycan dövləti dəstəyini əsirgəməyib: "Xalqımıza bir gözdağı vermək, diasporumuza divan tutmaq meyli, mənim fikrimcə, burada özünü açıq-aydın göstərir. Heç bir halda, heç bir cinayət əməli - lap tutaq ki, olmuş olsa da, - nəzəri cəhətdən belə davranışa, insanları işgəncə altında öldürməyə əsas vermir".
Yekaterinburqda Səfərov qardaşlarının ölümü – əməliyyat faciəyə necə çevrildi?
Nə baş verib?
Azərbaycan və Rusiyanın bəzi media orqanlarının məlumatına görə, iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburq şəhərində Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. H.Səfərovun Azərbaycan, Z.Səfərovun isə Rusiya vətəndaşı olduqları deyilir.
Amma Rusiyanin bəzi media orqanlarinda yer alan iddialara görə, ölümlərdən biri saxlanmadan sonra ürəktutma nəticəsində baş verib.
Yekaterinburqda yaşayan Azərbaycan əsilli insanların verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.